Bazar , İyun 30 2024
azenru
Home / Destinasiyalar / Azərbaycan və Yaponiya arasında növbəti birbaşa aviareys açılıb

Azərbaycan və Yaponiya arasında növbəti birbaşa aviareys açılıb

Tokionun “Ameriacan Club” mərkəzində Bakıdan Kansay Beynəlxalq Hava Limanına yük daşımaları üçün “Silk Way West Airlines” aviaşirkətinə məxsus növbəti birbaşa aviareysin açılış mərasimi keçirilib.

Mərasimdə Yaponiya hökumətinin, parlamentin, biznes dairələrinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri və diasporumuzun üzvləri iştirak ediblər.

“Silk Way West Airlines” şirkətinin Yaponiya nümayəndəliyinin rəhbəri Katsutoşi Tanaka yeni açılan reysin Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına böyük təsir göstərəcəyini qeyd edib.

Mərasimdə çıxış edən “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib ki, 14 ədəd “Boeing 747-8” və “Boeing 747-400” təyyarələrindən ibarət hava donanmasına malik şirkət bu sahədə Avropanın tanınmış qurumlarından biridir. 2016-cı il yanvarın 24-də Bakı ilə Yaponiyanın Komatsu aeroportu arasında ilk müntəzəm karqo reysinin açıldığını xatırladan Z.Axundov həmin reysin ətraf region ilə əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, məhz həmin reysdən sonra Azərbaycan ilə Yaponiya arasında birbaşa müntəzəm daşımalar həyata keçirilib. Bu, müstəqil Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik hadisə olmaqla yanaşı, eyni zamanda, iki dost ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verib. Ötən dövrdə görülmüş işlərə toxunan Z.Axundov birgə layihələr arasında 2017-ci ilin oktyabrında Bakıda keçirilən “Japan Expo-2017” sərgisinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, həmin sərginin bütün yükləri məhz “Silk Way West Airlines” şirkəti vasitəsilə Bakıya çatdırılıb. Yaponiyanın keyfiyyətilə seçilən məhsulları həm dövlət strukturları, həm də istehlakçılar tərəfindən yüksək qiymətləndirilib.

Yaponiyada da Azərbaycan məhsullarına böyük marağın olduğunu qeyd edən şirkət prezidenti bildirib ki, “Silk Way West Airlines” keyfiyyəti və təbiiliyi ilə seçilən həmin məhsulları artıq gündoğar ölkəyə çatdırmağa başlayıb. Azərbaycan balı, nar və təbii şirələr, digər meyvə və tərəvəzlər şirkətin təyyarələri vasitəsilə Yaponiyaya gətirilir. Onların yüksək tələbkarlığı ilə seçilən Yaponiya bazarına vaxtında və lazımi səviyyədə çatdırılması üçün bütün qaydalara tam əməl olunur.

“Silk Way Group”un prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan ilə Yaponiya arasında həyata keçiriləcək birbaşa reyslər iki ölkə arasında işgüzar əlaqələrin, investisiya mübadiləsinin, eyni zamanda, sərnişin axınının inkişafına da mühüm təsir göstərəcək. Bu isə öz növbəsində hər iki xalqın nümayəndələrinə bir-birinin qədim və zəngin mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməyə imkan yaradacaq.

Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcək növbəti uğurlu addım münasibətilə təbriklərini çatdırıb. Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladan səfir deyib ki, ötən dövrdə iki dost ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edib. Yeni açılan birbaşa reyslər isə bundan sonra həmin əlaqələrin daha da sürətlə inkişafı üçün əlverişli imkan yaratmaqla yanaşı, iki dost xalqı bir-birinə daha da yaxınlaşdıracaq.

Yaponiya Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nümayəndəsi Takahada Şuci Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsinin məmnunluq hissi doğurduğunu vurğulayıb. Yaponiyanın Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edən T.Şuci əmin olduğunu bildirib ki, yeni layihə yapon iş adamlarının perspektivli Xəzər regionuna girişini asanlaşdırmaqla yanaşı, iki dövlət arasında əməkdaşlığı və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

“Silk Way West Airlines” şirkətinin baş direktoru Volfqanq Meyer AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan ilə Yaponiya arasında əlaqələr yalnız ticari-iqtisadi deyil, həm də mədəni xarakter daşıyır. V.Mayer deyib: “Fəxr edirəm ki, biz bugünkü uğurun əldə edilməsinə nail ola bildik. Şirkətimiz Azərbaycandan Yaponiyaya uçuşların sayını artırmağı planlaşdırır. Bu, Azərbaycan və Yaponiya əməkdaşlığının gələcək inkişafına da mühüm təsir göstərəcək. Hazırda şirkətimiz iki ölkə arasında əlaqələrin inkişafında sanki mühərrik rolunu oynayır. Bildiyimə görə, “Azərbaycan Hava Yolları” şirkəti də tezliklə Azərbaycan ilə Yaponiya arasında birbaşa sərnişin daşınmasına başlayacaq. Bütün bu reyslər iki ölkə arasında əlaqələri daha da sürətləndirəcək”.

Tədbirdə ötən dövrdə “Silk Way West Airlines” şirkəti ilə əməkdaşlıqda fərqlənən yapon şirkətlərinə xüsusi mükafatlar təqdim edilib.

Mərasim Azərbaycanın Əməkdar Artisti, tanınmış cazmen Emil Əfrasiyabın və yapon musiqiçilərin ifasında bədii proqramla davam edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir