Bazar , Aprel 28 2024
azenru
Home / Destinasiyalar / Yaponiya telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

Yaponiya telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

*AZƏRTAC:

Yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Verilişdə Bakı şəhərindəki “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. “Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib.

Telekanalın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Ali Neft Məktəbində olan çəkiliş qrupu ölkəmizdə yerləşən neft və qaz yataqları barədə də tamaşaçıları məlumatlandırıb. Eyni zamanda, tamaşaçılara Neft Daşları və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı qazıntılardan, Naftalan Sağlamlıq Mərkəzi və palçıq vulkanlarından bəhs olunub.

İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.

Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib.

Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir