Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / Tədbirlər / “Basqal” qoruğunun inkişaf etdirilməsi

“Basqal” qoruğunun inkişaf etdirilməsi

 

May ayının 6-da İsmayıllı şəhərində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının təqdimatı keçirilib.

Tədbirdə ictimai-siyasi xadimlər, dövlət nümayəndələri və tarixi qəsəbənin sakinləri iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı rayonunun millət vəkili Novruz Aslan çıxış edərək Böyük İpək Yolunun üzərində yerləşən Basqalın özünəməxsus infrastrukturu, təbiəti, tarixi, maddi və qeyri-maddi mədəni irsi ilə ölkənin əsas turizm məkanlarından biri kimi əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Azərbaycanda turizmin inkişafında, mədəni-tarixi irsin qorunmasında Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı qeyd olunub.

Fuad Nağıyev çıxışında Basqalla yanaşı Dövlət Turizm Agentliyinin tabeliyində olan digər 6 qoruqda bərpa layihələrinin hazırlandığını, may ayının sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işlərinin başa çatdırılacağını və ictimaiyyətə təqdim olunacağını vurğulayıb. Bundan əlavə, o bildirib ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir, eləcə də Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün hazırlanan layihələrin üzərində iş gedir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanan “Basqal” qoruğunun yenidənqurulması konsepsiyası təqdim olunub.

2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.

Konsepsiyanın hazırlanması prosesində ilkin olaraq qoruq ərazisində yaranmış vəziyyətə dair arayış, daha sonra qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı fəaliyyət proqramının layihələri tərtib edilib. Eləcə də qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflər hazırlanıb.

“Böyük Basqal” konsepsiyası birinci mərhələdə Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların bərpasını, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpası, yerüstü qaz və işıq xətlərinin yenilənərək yerin altına salınması və kommunikasiya, su sisteminin yenilənməsini əhatə edəcək.

Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub.
Mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə çevrilməsini əhatə edəcək 4-cü mərhələdə isə əsas məqsəd ərazini yerli əhalinin, xüsusi ilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.

Layihənin 5-ci mərhələsi infrastrukturun qurulması, tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmir edilməsi, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün tədbirlər evinin, uşaq meydançasının inşa edilməsi kimi tədbirlər planını əhatə edəcək.

Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir