Elə yerlər vardır ki, ora mütləq ziyarət etmək istəyirsiniz, lakin elə yerlər də var ki, orda olduqdan sonra adam heç evə qayıtmaq belə istəmir. İsveçrə Alplarında Brienz adlı gölün yaxınlığında yerləşən elə eyni adlı Brienz şəhəri vardır. Kiçik, rahat, təmiz, dağların qoynunda yerləşən, Brienz gölünün saf suları ilə yuyulan bu şəhərdə zaman sanki öz axını ilə gedir.
Bu şəhər həm də Bernese Oberland-a olan səfərlər üçün toplanma nöqtəsi kimi də xidmət göstərir, məhz burdan “Ballenberg” açıq hava muzeyinə səfərlər, eləcə də Interlaken və Lucerne şəhərlərinə ekskursiyalar baş tutur.
Brienzi “zamanı dondurmuş şəhər” də adlandırmaq olar,çünki bu məkanda sanki,əsrlər boyu heç bir dəyişiklik baş verməmişdir. Bu şəhər əsasən orada yaşayıb fəaliyyət göstərən dülgərlərə görə məhşur olmuşdur. Evlərin çoxu iki əsr əvvəl tikilib, lakin müasir binalar da bir neçə əsrlik kimi görünür. Yeni evlər ənənəvi olaraq hündür damlar, ağır taxta eyvanlar və oyma dekorasiya ilə tikilir. Brienzdə gəzərkən 21-ci əsrdə olduğuna inanmaq olmur.
Avropanın ən gözəl küçəsi
Şəhərin ən əsas və məşhur görməli yeri Avropanın ən gözəl küçəsi olan Brunngasse küçəsidir. Brunngasse küçəsində bir çox bina 18-ci əsrə aiddir. Demək olar ki, hamısı taxta oymalarla bəzədilmişdir.
Avropanın ən təmiz gölü
Piyada gəzməyi sevənlər üçün qarlı zirvələr, yaşıl yamaclar və çiçəkli çəmənliklərin səyahətin əsas sürprizi olacaq. Brienz gölü “şəhərin mirvarisi” hesab edilir. O Avropada ən təmiz göl kimi tanınır. Turistlər göldə qayıqla gəzintidən zövq alırlar. Həmçinin, qədmi gəmi “Lötschberg” ilə təşkil olunmuş turlardan da zövq ala bilərsiniz.