14-28 iyun 2019-cu il tarixində “Baku Crystall Hall” Mətbuat Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.
Sərgi cari il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.
Bu tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan təsviri sənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında göstərməkdən ibarətdir.
Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan tanınmış sənətkarlarla yanaşı orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.
Ekspozisiyada Azərbaycan Respublikasının dövlət müstəqillini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, batal, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaqdır.
Sərginin açılışı 14 iyun 2019-cu il saat 19:00-da “Baku Crystall Hall” Mətbuat Mərkəzində baş tutacaq.
Giriş sərbəstdir. Mətbuat nümayəndələri dəvətlidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi