Azərbaycan və onun paytaxtı Bakı şəhəri “Google”un versiyasına görə, Böyük Britaniyada aviareyslərin axtarışı üzrə ən populyar istiqamətlər reytinqində “TOP-10″a düşüb.
Bu barədə “Report” Britaniyanın “The Sun” nəşrinə istinadən məlumat verir.
Məlumata görə, nəhəng axtarış xidmətinin sıralamasında ilk iki yeri Madrid (İspaniya) və Bakı tutub. Qeyd olunur ki, belə maraq futbol üzrə Çempionlar Liqasının finalının Madriddə, Avropa Liqasının finalının isə Bakıda keçirilməsi ilə bağlıdır. Həm İspaniyada, həm də ölkəmizdəki həlledici görüşdə iki İngiltərə komandası mübarizə aparmışdı: uyğun olaraq “Liverpul” “Tottenhem”i, “Çelsi” isə “Arsenal”ı məğlub edərək kuboka sahib çıxmışdı.
Belə maraq nəticəsində Azərbaycanın özü britaniyalılar arasında ən populyar aviaistiqamətlər sıralamasında “TOP”10-da 6-cı yeri tutub.
Reytinqdə üçüncü və dördüncü yerləri İspaniyanın San Sebastyan və Tenerife, beşinci yeri isə ABŞ-ın Florida ştatındakı Orlando şəhəri tutub. “TOP-10″da həmçinin Qambiya, Dehli (Hindistan), Avstriya və Venesiya (İtaliya) tutub.