Cümə axşamı , May 9 2024
azenru
Home / Blog / Çinin Qırmızı Xalçası- FOTO

Çinin Qırmızı Xalçası- FOTO

Plaj deyildikdə insanın ağlına ilk olaraq qumlu dəniz sahili gəlir. Ancaq yer üzündə elə bir yer var ki, adı plaj, özü isə əl ilə toxunulmuş qırmızı rəngli bir xalçaya bənzəyir. “Panjin Qırmızı Çimərliyi” olaraq adlandırılan bu yer Çinin Lyaonin əyalətinin Panjin şəhərindən təxminən 40 kilometr (25 mil) məsafədə Çinin Bohai körfəzində yerləşir. Bu ecazkar çimərliyin adı ərazinin böyük bir qisminin qırmızı rəngli sveda adlı bitkiləri lə örtüldüyü üçün bu cür adlandırılır. Bu təbii hadisə müntəzəm olaraq, hər ilin aprel ayından oktyabr ayına qədər olan bir müddətdə baş verir. Panjin Qırmızı plajı əslində bataqlıq sahəsidir. Buna baxmayaraq, ərazidə sveda bitkiləri ilə yanaşı, qamış və çəltik sahələri də mövcuddur. Bundan əlavə, çoxlu su quşlarının da məskən saldığı bu məkan ziyarətçiləri təbii gözəlliklərdən zövq almağa çağırır. Çimərliyə sentyabr ayının ortasından oktyabrın ortasına kimi səyahət etmək daha düzgün olar. Çünki bu zaman ərəfəsində turistlər təbiətin nadir möcüzələri ilə tanış olmaq imkanı əldə edə bilərlər. Belə ki, aprel ayında sveda bitkiləri böyüyür və yavaş-yavaş qırmızı rəng almağa başlayır. Zaman keçdikcə rəng tədricən tündləşir və payız ayında artıq otlar qıpqırmızı rəngə boyanır. Oktyabrın ortalarından sonra havaların soyuması ilə otların rəngi qırmızıdan bənövşəyi rəngə dəyişir, bununla da çimərliyin digər bir füsunkar mənzərəsi yaranır.

Ümumilikdə, sahəsi 18 km (11 mil) qədər uzanan çimərlik ekoturizmin inkişafı üçün olduqca mühüm bir ərazidir. Çimərliyin daxilində həmçinin, turistlərin gəzintisini təmin etmək üçün xüsusi gəzinti avtobusları xidmət göstərir. Qırmızı plaja daha çox səhər saatlarında baş çəkmək tövsiyyə olunur, çünki günəşin parlaq işıqları sayəsində burada maraqlı fotolar çəkmək mümkündür. Günortadan sonra isə ziyarətçilər yalnız arxa fonu işıqlandırmaqla gözəl şəkillər çəkə bilərlər. Bu əsrarəngiz mənzərədə səyahətin maraqlı keçməsi üçün iki əsas üsul təklif olunur: Birincisi, həmin sveda örtüyünün üstündə qurulmuş və sahə boyu uzanan taxta körpü üzərində ətrafı seyr edə-edə gəzişmək, digəri isə qayıq vasitəsilə qırmızı sahələrin arasından keçərək möhtəşəm və bir o qədər də şairanə səyahətə nail olmaq üsuludur.

Bundan başqa, burada mütləq görülməsi lazım olan yerlər siyahısına İşuy Yuncjou və Lançyao Aymenq kimi mənzərəli bölgələr də daxildir. Həmçinin, buradakı Qırmızı Plaj Uorf ərazisi də görməyə dəyər yerlərdən biridir. Turistlər əraziyə gələrək qırmızı svedalarla yanaşı, çox geniş sahəni əhatə edən düyü tarlalarını da seyr edə bilərlər. Yazda və yayda yaşıl, payızda isə qızılı rəngə bürünən bu çəltik sahələri insanda peyzaj janrının hansısa bir nümunəsini xatırladır.

Qırmızı çimərliyin coğrafi mühiti bir çox vəhşi su quş növlərinin bu yerdə yaşamasına şərait yaradır. Burada təxminən 260 növdən 100 mindən çox quş yaşayır. Qamışlığın geniş miqyasda olduğu yerə yaxınlaşaraq turistlər quşların sevimli hərəkətlərini izləyə, yaşayış tərzləri ilə tanış ola bilərlər. Quşları seyr etmək arzusunda olan ziyarətçilər üçün qış aylarında buraya gəlmək tövsiyyə olunmur, çünki məlum olduğu kimi, quşların əksəriyyəti bu müddət ərzində soyuqdan qorunmaq üçün cənub ölkələrə köçürlər.

Belə ki, Çinin ən məşhur yerlərindən biri hesab edilən bu plaja müxtəlif ölkələrdən gələn insanlar bir daha təbiətin möcüzəsinə şahid olur və heyranlıqla təbiətin ərsəyə gətirdiyi bu sənət əsərini izləmək fürsəti əldə edirlər.

Gülnar Fərruxqızı

Mənbə: https://www.travelchinaguide.com/cityguides/liaoning/panjin/red-beach.htm

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir