Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) “Dünya Turizm Barometrinin” (World Tourism Barometer (WTB) Annex 18) yanvar hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib.

Qeyd edək ki, hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirir ki, bir qədər əvvəl açıqlanan “İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2% artım qeydə alınıb. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub. Həmçinin, 2019-cu ildə 11,4% artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib: “Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kampaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Turizm sektorunda xidmət paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği, fiziki və sosial regional turizm infrastrukturunun məqsədyönlü inkişafı istiqamətində əsaslı tədbirlər icra edilib. Həmçinin, ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları və bu kimi digər tədbirlər turizmin ÜDM-də payının artımına, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir.”

N.Kazımlı əlavə edib ki, turizm qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən biridir. Həmçinin, beynəlxalq metodologiyalara əsasən də ölkənin əlverişli coğrafi mövqeyindən istifadə edilməklə hava əlaqəsinin və əlçatanlığının artırılması, qədim tarixə, ənənəvi dəyərlərə, cəlbedici təbiətə malik olması ilə yerli dəyərlərin beynəlxalq aləmdə uğurla təbliği bu sahənin əsas potensial imkanlarından hesab olunur. Turizm sektorunun inkişafının dəstəklənməsi nəticəsində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2015-ci illə müqayisədə 2018-ci ildə 60 ədəd, müvafiq xidmətlərdən istifadə edən yerli və əcnəbi turistlərin sayı isə 991,330 min nəfər artıb. Turizm dövlət-özəl tərəfdaşlığı əsasında xarici investisiyaların əsas payı ilə ekoloji dayanıqlıq prinsipləri əsas götürülməklə kəndlərin və regionların inkişafına əsas təkanverici qüvvəsi olaraq Azərbaycanın beynəlxalq arenada qabaqcıl mövqe tutmasına şərait yaradır.

Hesabatda bildirilir ki, Brexit prosesi (Böyük Britaniyanın Avropa Birliyindən çıxması), geosiyasi və ticari gərginlik, qlobal iqtisadiyyatdakı yavaşlama, eyni zamanda Avropadakı bir neçə aşağıbüdcəli aviaşirkətlərin qəza hadisələri kimi mənfi faktorların mövcud olmasına baxmayaraq, 2019-cu ildə beynəlxalq turist axını 4% artaraq, 1,5 milyarda çatıb. Ən çox inkişaf Mərkəzi Asiya ölkələrində 8%, Asiya və Sakit Okean ölkələrində 5% qeydə alınıb. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4% artıb.

BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3%-dən 4%-ə artacağını proqnozlaşdırır. İİTKM-in analitiki qeyd edir ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurası Bakıda “Travel Business Azerbaijan 2020” konfransınını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-ə yaxın yerli turizm sərgisi 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcəkdir. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Həmçinin, növbəti illərdə dörd yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Cənubi Koreyada yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz tövhəsini verərək böyük inkişaf təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı “Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatına əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan “turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib.

 

Trend.az

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir