Azərbaycanda turistlər tərəfindən daha çox hansı dil və sahə üzrə biliklərə malik olan bələdçilərə ehtiyacın olduğu açıqlanıb.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib ki, ölkəmizə gələn turistlər tərəfindən daha çox rus və ingilis dilli bələdçilərin onları müşayiət etməsini istəyirlər: “Eyni zamanda ərəb dili üzrə bələdçilərə də ehtiyac yaranır. Son illər ərzində Qərbi Avropanın turizm bazarından Azərbaycana axın olduğu üçün italyan, fransız, bəzən isə polyak və macar dili üzrə bələdçilərə də ehtiyac yaranır. Həmin dillərin hamısı üzrə sertifikatlaşdırılmış bələdçilərimiz var”.
Assosiasiya həmtəsisçisi əlavə edib ki, ölkəmizə gələn turistlər daha çox etnoqrafiya, mədəniyyət və incəsənət, tarix üzrə bilikləri olan bələdçilərin onları müşayiət etməsini istəyirlər: “Turistlər ölkəmizin tarixi haqqında dərin məlumatı olan bələdçilər istəyirlər. Azərbaycanda bələdçilər daha çox mədəni marşrutlar üzrə ixtisaslaşıblar”.
S.Əsgərova bildirib ki, ATBA-nın məlumat bazasında daha çox ingilis və rus dilini bilən bələdçilərin sayı üstünlük təşkil edir: Ölkəyə turizm axını olduğundan Koreya, Çin, fransız dilli bələdçilərə də ehtiyac var. Bu il biz təxminəın 15 nəfər alman dilli bələdçini təlimdən keçirdik, amma bu say daha çox olsa, yaxşı olar. Təlimlərdə bələdçilərə yalnız texniki peşə bilikləri öyrədilir”.
Beynəlxalq təlimçi qeyd edib ki, ötən il 60 aktiv bələdçini əhatə edən rus, ingilis və alman dillərində beynəlxalq təlimlər, 3 region – Şəki-Zaqatala, Quba-Qusar və Gəncə-Qazax regionları üzrə 75 yerli bələdçiyə təlimlər həyata keçirib.
Trend