Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq.
Bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin qarşısının alınması və ya problemlərin effektiv şəkildə aradan qaldırılması məqsədilə turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri də əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan “Turizm haqqında” qanunda (13-cü maddə) xaricə səfər edən azərbaycanlı turistlərin sığortalanması məsələləri əksini tapıb. Qeyd edilib ki, turistlərin getdiyi, müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi tələbi müəyyən edilmişdirsə, turoperator (turaqent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması belə zəmanətlərin əsas formasıdır. Sığorta şəhadətnaməsində turistlərin getdiyi, müvəqqəti olacağı ölkədə (yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur. Turistlərin tələbi ilə turoperator (turaqent) səyahətin keçirilməsi ilə bağlı digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi əmlakın itirilməsi, izafi xərclər və s.) üzrə sığorta xidmətləri göstərilməsinə kömək edir.
12-ci maddənin 2-ci abzasında isə ümumi formada qeyd olunur ki, turistlərin sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.