Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Tədbirlər / Turizm sənayesində sanitariya və gigiyeniya normaları ilə bağlı proqram hazırlanıb

Turizm sənayesində sanitariya və gigiyeniya normaları ilə bağlı proqram hazırlanıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN – Sanitation and hygiene methods and norms) hazırlanıb.
COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub. Yaranan hazırkı vəziyyətdə dünya turizmindəki yeni çağırışlar gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri edir.
SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.
Proqram turistləri COVİD-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq üçün hazırlanıb. Fuad Nağıyev layihənin digər dövlət qurumları ilə koordinasiyada hazırlandığını, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki,  proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.
Qeyd edək ki, yerli sənaye nümayəndələri könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər.
Proqram dövlət-özəl tərəfdaşlığına əsaslanaraq təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik, inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəkdir.
İlikin mərhələdə proqram yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.
Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərinin bir hissəsi ehtiyaca uyğun olaraq qarşılanacaq.
SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək.
Proqramın icrasının monitorinqinə beynəlxalq PwC şirkəti dəstək verəcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir