Related Articles
2017-ci ilin 2-5 oktyabr tarixində Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti Baş Assambleyası keçirilir.
TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova iştirak edir.
ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya “Tarixi Termal Şəhərlər Birliyi” yaradaraq onların dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində mühüm işlər görür. Assambleya çərçivəsində Türkiyənin Pamukkale şəhəri, Rusiyanın Kislovodsk şəhəri, İspaniyanın Mondariz Balneario şəhəri, Gürcüstanın İmereti şəhərinin təqdimatları keçirilmiş və səsvermə nəticəsində Assosiasiyaya üzv seçiliblər.
Daha sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova tərəfindən Qalaaltı regionunun geniş təqdimatı keçirilib, sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib. ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında ilk Baş Assambleyasının Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib, göstərilən yüksək dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.