Bazar , Noyabr 24 2024
azenru
Home / Destinasiyalar / “Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda konfrans keçirilib

“Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda konfrans keçirilib

Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menecment Universiteti, Qəbələ və Mingəçevir  Turizm İnformasiya Mərkəziləri, Mingəçevir, Qəbələ və Naftalanın   turizm, sanatoriya-kurort komplekslərinin nümayəndələri, təcrübəli pedaqoq mütəxəssislər  və çox sayda KİV təmsilçiləri  iştirak edib.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəlliklərindən bəhs edən tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Ardınca konfrans zalında bir araya gələn iştirakçılara Azərbaycanda  sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarx nümayiş olunub.

Konfransda çıxış edən  Mingəçevir Turizm  Kollecinin direktoru Əyyub Əyyubov  Azərbaycanda turizmin inkişaf yolundan  danışaraq   artıq yeni bir mərhələyə qədəm qoyulduğunu  qeyd edib. O, ölkədə, xüsusilə  də Mingəçevirin də daxil olduğu coğrafiyada  mövcud  sağlamlıq rekreasiya turizmini  daha da müasirləşdirmək, yeni infrastrukturlar  yaratmaqla  sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirib:

“İndiyədək  qəbul edilmiş” Azərbaycanda  turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair  Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər  Azərbaycan turizminin inkişafına dövlət  və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir. Turizm   və rekreasiya zonaları dedikdə insanların istirahətini, sağlamlığını, əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur. Biz bu sahədə konkret olaraq yaşadığımız coğrafiyada indiyədək  ciddi yeniliklərin tətbiq olunduğuna şahidik. Məsələn  Naftalan kurort istirahət komplekslərinin yenidən qurulması, müasir tələblərə cavab verən infrastrukturların yaradılması, bölgədə yerləşən qədim mədəniyyət abidələrinin bərpası və həyata keçirilmiş digər tədbirlər  buna sübutdur. Amma razılaşın ki, yaşadığımız coğrafiyada  ta qədimdən insanların sağlamlığına müsbət təsiri ilə yadda qalan xeyli sayda  müalicəvi su mənbələri,  tarixi mədəniyyət nümunələri  və digər təbiət  resursları  mövcuddur. Fikrimcə biz həmin sahələrin perspektivləri barədə daha dərin  araşdırma və təhlillər apararaq, yeni  səmərəli addımlar atmağa  çalışmalıyıq. Xüsusilə də sağlamlıq –rekreasiya turizmi məqsədimizin əsas inkişaf hədəfinə çevrilməlidir.

Daha sonra konfransın digər  rəsmi dəvətliləri—Mədəniyyət  və Turizm Nazirliyinin  Elm-Təhsil  və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev,  Mingəçevir  şəhər İcra Hakimiyyətinin  şöbə müdiri Sahib Əliyev və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov  təbrik nitqi ilə çıxış edərək konfransın və müzakirə olunan mövzuların  xüsusi önəm daşıdığını qeyd edib. O  da vurğulanıb ki, belə bir əhəmiyyətli tədbirin   Mingəçevirdə təşkil olunması təqdirəlayiq haldır. Çünki bu kollektiv hazırladığı peşəkar kadrlarla son illər ərzində turizmin inkişafına  ciddi  töhfə verib. Elə Mingəçevir şəhəri də sağlamlıq –rekreasiya turizminin inkişaf etdirilməsi baxımdan yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşir.

Bundan sonra konfransda digər məzmunlu məruzələr dinlənib. Kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin xidmət şöbəsinin rəisi Taner Yılmaz, “Ağsaray” Deluxe Otelinin  meneceri  Alpərən Tirt, “İstək” litseyinin layihə rəhbəri Fəqan Əhmədov, Kür Olimpiya İdman Tədris Mərkəzinin  nümayəndələri  Azər Hüseynov və Babək İsakov, Mingəçevir Turizm Kollecinin gənc mütəxəssisləri  Elşad Səmədov, İqbal Xudiyev, Vüqar Nağıyev  və Gülnar Qurbanova  çıxış edərək maraqlı fikirlər səsləndirib. “Azərbaycanın rekreasiya–turizm ehtiyatları”, “Turizm ehtiyatlarının sosial-iqtisadi  mahiyyəti”, “Azərbaycanının sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm  məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər  mövzularda səslənən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və fəal müzakirələrə zəmin yaradıb.

Konfransa yekun vuran  professor Əyyub Əyyubov Azərbaycanda sağlamlıq –rekreasiya turizmi sahəsində  müşahidə olunan inkişafın turizm sənayesi üçün kadr hazırlığı prosesinə təsirsiz ötüşmədiyini vurğulayıb. Mövcud resurslar və perspektivlər  kadr hazırlığı prosesinə yeni yanaşma tərzini zəruri edir deyən dəyərli elm adamı   artıq bir sıra  təkliflərlə çıxış etdiklərini bildirib:

“Biz növbəti ildən kollecimizdə  “Rekreasiya – İdman və sağlamlıq  turizmi”,  həmçinin “Turizmin iqtisadiyyatı” ixtisasları üzrə  tədris imkanları yaradılması istəyində olduğumuzu aidiyyəti qurumların diqqətinə çatdırmışıq. Hesab edirəm ki,  bu sahədə tətbiq olunacaq yeniliklər ümumən rekreasiya turizmininin inkişafına önəmli töhfə verəcək.

Konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir