Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Azərbaycan XI Beynəlxalq Turizm Sərgisində təmsil olunur

Azərbaycan XI Beynəlxalq Turizm Sərgisində təmsil olunur

Yanvarın 23-də Tehran Beynəlxalq Sərgi Mərkəzində 11-ci Beynəlxalq Turizm Sərgisi açılıb. Sərgidə 300-dən çox yerli və xarici turizm şirkəti iştirak edir. Şirkətlər sərgi ziyarətçilərinə xidmətlərini təqdim edir, daxili və xarici turizm marşrutları haqqında məlumatlar verirlər.

Sərgidə iştirak edən İran şirkətləri arasında Bakı şəhəri və Azərbaycanın rayonlarına turizm səfərləri təşkil edənlər də var.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, son illər ərzində İrandan Azərbaycana turist səfəri etmək istəyənlərin sayı həddən artıq çoxalıb. Onların sözlərinə görə Azərbaycanın sabit və təhlükəsiz ölkə olması iranlı turistlərin diqqətini cəlb edib. Bakı şəhəri xüsusi gözəlliyi ilə seçilir. Bundan başqa hər iki ölkənin müsəlman əhalisinə malik olması da əhəmiyyətlidir. Mədəniyyətin, adət-ənənələrin və mətbəxin də oxşar olması turistlər üçün əlverişli şərait yaradır. Azərbaycanlıların isə qonaqpərvərliyi və mədəni davranışı isə xüsusi söhbətin mövzusudur. Azərbaycanda həm qış, həm də yay turizmi üçün münasib şərait var. Şəhərlərlə yanaşı təbiətin də gözəlliyi səfərə gələnləri valeh edir. Tarixi abidələr və müasir şəhər infrastrukturu Azərbaycana biganə yanaşmağa imkan vermir. Hazırda Azərbaycanın BUTA, İranın “İran AİR”, “Mahan” aviaşirkətləri gündəlik Tehran-Bakı-Tehran reyslərini yerinə yetirirlər.

“Aysan Pərvaz” şirkəti 2017-ci ilin yalnız 2 ayında – fevral və mart aylarında 55 min turistin Azərbaycana səfərini təşkil edib. Cari ilin mart ayından başlayaraq şirkət İranın “Qeşm AİR” aviaşirkəti ilə də turist səfərlərini həyata keçirəcək. Azərbaycana turist səfəri etmək istəyənlərin sayının çoxluğunu nəzərə alan “Aysan Pərvaz” şirkəti “Qeşm AİR” aviaşirkəti ilə razılığa gəlib ki, uçuşlar yalnız Tehrandan yox, eyni zamanda, İsfahandan, Şirazdan, Məşhəddən, Təbriz və Urmiyadan da həyata keçirilsin. Bununla təkcə Tehranda yaşayanların deyil, həmçinin adı çəkilən şəhərlərin də sakinlərinin arzusu gerçəkləşdirilmiş olacaq.

Şirkətin fəaliyyəti haqında məlumat verən M.Dəsmalçı bildirib ki, turistlərin viza, otel, nəqliyyat məsələləri də həll edilir. Bakıya gələn turistin arzusuna müvafiq olaraq Qəbələ, Quba, Şamaxı və Şəkiyə turlar təşkil edilir. Qış aylarında isə turistlərin sevimli yeri Şahdağ və Tufandağ Qış Turizm Kompleksidir.

Bakıda fəaliyyət göstərən 5 ulduzlu otellərə əməkdaşlıq edən şirkət hər zaman turistlərdən təşəkkür alırlar. Bakıdakı otellərin rahatlığı və təmizliyi də turistləri razı salır.

Qarşıdan gələn Novruz bayramında Bakıya səfər etmək istəyənlər artıq sifarişlər veriblər. Ötən illərdən fərqli olaraq bu il 80 mindən çox iranlı turistin Azərbaycana səfər edəcəyi gözlənilir.

Sərgidə iştirak edən “Ulduz” turizm şirkəti də İrandan Azərbaycana turist səfərlərini təşkil edir. Şirkətin nümayəndəsi Həmid Zahidi bildirib ki, ötən il 30 min turistin səfəri təşkil olunub. Şirkət Bakı ilə yanaşı turistlərin Naxçıvana, Nabrana və başqa rayonlara da səfərlər təşkil edir. Onun sözlərinə görə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvanın 2018-ci il “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi maraqla qarşılanıb. Şəhərdə aparılan abadlıq və quruculuq işləri, parkların xüsusi zövqlə salınması bu məkana getmək istəyənlərin sayına müsbət təsir göstərib.

Göründüyü kimi Azərbaycan Prezidentinin ölkədə turizmin inkişafına dair imzaladığı sərəncamlar öz bəhrəsini verməkdədir.

Qeyd etmək lazımdır ki, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi, birdəfəlik və tranzit vizalar üçün dövlət rüsumunun 20 ABŞ dolları həcmində müəyyən olunması ilə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (tax-free) sisteminin tətbiqinə başlanması və Azərbaycanda ticarət festivallarının (shopping festival) keçirilməsi ölkəmizə olan marağı artırmışdır.

Belə tədbirlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti öz siyasi xətti ilə ölkəmizi post neft dövrünə hazırlayıb. Bu gün turizmin inkişafı qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan ən uğurlu addımdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir