Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / Məhşur səyahət saytı Azərbaycandan yazdı: Azərbaycana səyahətin 10 səbəbi

Məhşur səyahət saytı Azərbaycandan yazdı: Azərbaycana səyahətin 10 səbəbi

Avstraliyanın populyarlığı ilə seçilən “The journal by intrepid travel” saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin Azərbaycana səyahətin 10 səbəbi barədə məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanı və Bakını sizin siyahınıza salan 10 səbəb” adlı məqalədə K.Çarlik Yer kürəsində maraqlı yerlərin kifayət qədər olduğunu qeyd edir, lakin Bakının sizin “mütləq səyahət etməli” siyahınızda ən ön yerlərdən birini tutmasının zəruriliyini vurğulayır. Qeyd edir ki, Bakı Şərq ilə Qərbin qovuşuğunda yerləşən kiçik dövlətin paytaxtıdır.

Qədim mədəniyyəti, atəşpərəstlik dinini, orta əsrlərə məxsus tarixi abidələri və islam ənənələrini yaşadan bu ölkə, həm də uzun illər dəmir pərdə arxasında qalıb.

Bundan sonra müəllif dadlı yemək, yaxşı istirahət, dincəlmək və Bakının zəngin mədəni külliyyatından faydalanaraq dünyagörüşünü artırmaq istəyənləri Azərbaycana səyahətin 10 əsas səbəbi ilə tanış edir.

Bu səbəblər içərisində ilk olaraq Azərbaycanın və Bakının zəngin və maraqlı arxitekturası göstərilir. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçəri şəhər kompleksindən başlayaraq, qədim Şərqin və müasir Avropanın arxitektura nümunələrinin bu şəhəri bənzərsiz etdiyini vurğulayır. Bu mədəniyyət abidələri içərisində modern üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzini, möhtəşəm Alov qüllələrini və ecazkar Qız Qalasını xüsusi vurğulayır.

Azərbaycanın həm də Odlar yurdu adlandırıldığını qeyd edən K.Çarlik ikinci səbəb olaraq Yanar dağ kompleksindən bəhs edir. Buranın müasir Azərbaycanın qonaqpərvərlik rəmzlərindən birinə çevrildiyini xüsusi qeyd edir. Bu tarixi abidə ilə yanaşı, Atəşgah məbədindən, qədim Zərdüştlük dininə sitayiş edənlərin bu ərazilərə səfərlərindən yazır.

Ölkəmizə səyahətin növbəti səbəbi kimi buradakı çoxsaylı muzeyləri qeyd edən avstraliyalı jurnalist onların sırasında Xalça muzeyinin xüsusi yer tutduğunu bildirir. Qeyd edir ki, müasir arxitekturası ilə seçilən üç mərtəbəli binada yerləşən bu muzeydə Azərbaycan xalqına məxsus qədim sənət nümunələri arasında ən müxtəlif təyinatlar üçün toxunmuş xalçalara rast gəlmək olar.

Xalça muzeyi barədə ətraflı bəhs edən xanım K.Çarlik onunla yanaşı, zəngin Azərbaycan mətbəxi nümunələrinin tamına baxmaq istəyənlərə Şirvanşahlar muzeyini ziyarət etməyi tövsiyə edir. Heyranlıqla vurğulayır ki, həmin muzeydə 35 aşpaz 1000-dək qonağa eyni vaxtda xidmət göstərir.

Bakıya səyahətin səbəbləri sırasında bu şəhərin piyada gəzintisi üçün çox əlverişli olduğunu qeyd edən müəllif, İçəri şəhərin dar döngələrindən başlayan gəzintini dənizkənarı bulvarda, Xəzərin sonsuz ənginliklərini seyr edərək davam etdirməyi məsləhət görür. Nahardan sonra isə şəhərin mərkəzində yerləşən Nizami küçəsinə çıxaraq buradakı zəngin arxitektura nümunələrini seyr etməyi tövsiyə edir.

Bildirir ki, Azərbaycanın dadlı mətbəxindən sonra açılan çox zəngin çay süfrəsi də bu ölkəyə səyahətin səbəblərindən biri ola bilər. Samovarda qaynadılan və xüsusi dəmləmə qaydaları riayət olunmaqla təklif edilən çay süfrəsində siz paxlava, şəkərbura kimi şirniyyat və mürəbbələrlə yanaşı, müxtəlif çərəzlərlə də qarşılaşa bilərsiniz.

Avstraliyalı xanım jurnalistin qənaətinə görə, özünəməxsus tamı ilə seçilən Azərbaycan şərabı da bu ölkəyə səyahətin böyük təəssüratlar yaradacağını deməyə əsas verir. Vurğulayır ki, Azərbaycan şərabları heç də Avropanın məşhur brendlərindən geri qalmır və hətta nar şərabı məxsusi dadı ilə diqqəti cəlb edir.

K.Çarlik Azərbaycana səyahətin səbəbləri sırasında buradakı yerli əhalinin xüsusi yer tutduğunu vurğulayır. Qeyd edir ki, qonaqpərvərliyi, səmimiyyəti və yüksək mədəniyyəti ilə seçilən bu insanlar sizin səyahətinizin ruhunuzu oxşaması üçün əlindən gələn hər şeyi etməyə hazırdırlar. Məhz həmin insanlar bu ərazini tamamilə fərqli bir məkana çevirirlər.

Xüsusi qeyd edir ki, qədim və zəngin mətbəxə malik olan Azərbaycan əsil qurmanların səyahət etmək istədiyi ölkədir. Buradakı zəngin mətbəx həm də təklif edilən çörəklərin möhtəşəm tamı ilə diqqəti cəlb edir.

Azərbaycana səyahətin növbəti səbəbi kimi avstraliyalı jurnalist Qobustan Milli Parkındakı qayaüstü rəsmləri göstərir. Bildirir ki, Bakıdan cəmi bir saatlıq məsafədə yerləşən bu möhtəşəm park kiçik Azərbaycanın dünyanın ən qədim qayaüstü rəsmlərindən birinə ev sahibliyi etdiyini təsdiq edir.

Zəngin və qədim mədəniyyəti ilə buraya gələn əcnəbiləri heyran edən Azərbaycanı çox sevdiyini vurğulayan xanım K.Çarlik bu ölkəyə səyahətin səbəbləri sırasında yerli musiqini və incəsənət abidələrini xüsusi qeyd edir. Bildirir ki, bu ölkədə siz zövqünüzə uyğun olaraq qədim muğam və xalq mahnılarından tutmuş caz musiqisinədək müxtəlif şouları məmnuniyyətlə ziyarət edə bilərsiniz.

xeber.im

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir