Cümə , Noyabr 22 2024
azenru
Home / Xəbərlər / Dövlət Turizm Agentliyinin sədrinin turizm sənayesinin nümayəndələrinə müraciəti

Dövlət Turizm Agentliyinin sədrinin turizm sənayesinin nümayəndələrinə müraciəti

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.
O, öz müraciətində bildirib:” Hörmətli turizm təmsilçiləri və turizm sənayesinin üzvləriBu günlərdə dünya heç də asan günlər yaşamır. COVID-19 virusunun yayılması demək olar ki, bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb oldu, bir çox ölkələrin iqtisadiyyatına zərbə vurdu.
Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu.
Belə ki, bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır.Biz ümumi vəziyyətdən xabərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktarı ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır.
Hələ ilin əvvəlində cənab Prezident İlham Əliyev turizm sahəsinin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi olduğunu vurğulayaraq uğurlarımızı qeyd etmişdi.
Biz birgə səylərimizin nəticəsində ildən-ilə Azərbaycana daha çox turistin cəlb olunmasına, ölkədə daxili turizmin inkişafına, infrastrukturun genişlənməsinə və ən əsası yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmuşuq.
Hazırki qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik.
Hər kəsə məlumdur ki, turizm sahəsi cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub və olmaqda da davam edir. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik və inanırıq ki, yenə hiss edəcəyik.
Tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb.
Cənab Prezidentin tapşırıqları çərçivəsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən də digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib.
Hazırda hamımız üçün ən əsas amil  bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksək ixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik.
Biz – dövlət sektorunun təmsilçiləri və siz – sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq.
Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk eləyərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bir sıra sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər.
Qeyd etməliyik ki, 21-ci əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar.
Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərdən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq.
Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək.
Novruz bayramınız mübarək!
Evlərinizdən xoşbəxtlik və əmin-amanlıq əksik olmasın!”

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir