Payız fəslinin gəlişilə əlaqədar turizm sahəsində durğunluq müşahidə olunur. Turistlərin bəziləri isə bu fəsildə hansı ölkələrə səyahətət etmək barədə düşünürlər.
TravelNews.Az payız fəslinə uyğun səyahət məkanlarını, tur və aviabilet qiymətlərini araşdırıb.
Asiya ölkələri, eyni zamanda, isti ölkələr və çimərlik turları üzrə mütəxəssis Səma Kazımlı bildirir ki, yaxın istiqamətlərdən Dubaya və Misirə turlar üstünlük təşkil edir. Bu turlarda qiymət Dubayda 550 AZN-dən, Misirdə isə 510 AZN-dən başlayır. Qeyd olunan qiymətlərə otel, qidalanma, aviabilet və sığorta daxildir. Bundan başqa payız həm də Bali üçün yaxşı fəsildir amma o istiqamətlərdə olan aviabiletlər baha olduğu üçün (1300-AZN-dən başlayır) turistlə bu məkana üstünlük vermir. Türkiyədə Antalya və Bodrum mövsümü sona çatsa da İstanbul üçün ən ideal zamandır. Bu turların ilkin qiyməti 440-AZN göstərilir.
Aviabiletlər üzrə mütəxəssis Nigar Musazadənin sözlərinə görə, bu fəsildə insanlar daha çox Türkiyə (İstanbul) və Rusiya (Moskva) istiqamətlərinə bilet alır. Bilet qiymətləri hər gün dəyişsə də, təxmini qiymət gediş-dönüş üçün Türkiyəyə 400 AZN-dən, Rusiyaya isə 350-AZN-dən başlayır. Avropa ölkələrinə uçuşlarda isə insanlar “Wizzair” aviaşirkətinin ucuz biletlərinə üstünlük verir. Digər aviaşirkətlərdə isə Avropa üçün qiymətlər 600 AZN-dən başlayır. İsti ölkələr olan Dubay və Misirə tarixdən asılı olaraq 400 AZN-ə bilet əldə edə bilərsiniz.
Avropa ölkələrinə turlar üzrə mütəxəssis Günel Rəhimli turistlərin bu fəsildə qrup turlarını seçdiyini bildirir. Bundan başqa Macarıstan, Çexiya, Avstriya payızda üstünlük təşkil edən ölkələrdir. Turistlər bu ölkələrə aviabiletsiz turları 500 AZN-dən başlayan qiymətlərlə əldə edə bilər.
Yerli turizmdə də payız fəsili üçün spesifik rayonlar var. Bu haqda məlumat verən daxili turlar üzrə mütəxəssis Çimnaz Xudiyeva bildirir ki, payızda Quba, Qəbələ, Şəki turistlər tərəfindən daha çox səyahət edilən rayonlardır. Bu həmin rayonların otellərindəki kampaniyalar və təkliflərlə bağlıdır. Eyni zamanda Qubada keçirilən “Alma festivalı”, Göyçayda baş tutacaq “Nar festivalı” da turist axınına səbəb olur. Rayon turlarının qiymətləri 21 AZN-dən başlayır. Bu turlara səhər yeməyi, nəqliyyat, ekskursiyalar və əyləncəli oyunlar daxildir.