Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Azərbaycan növbəti festivalda təmsil olunacaq

Azərbaycan növbəti festivalda təmsil olunacaq

Polşanın paytaxtı Varşavada 12-ci “FilmAT” Film, Sənət və Turizm Festivalı keçiriləcək. Festivalda ölkəmiz də təmsil olunacaq.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Turizm Peşə Məktəbində festival çərçivəsində təşkil olunacaq elmi konfransda iştirakla əlaqədar açıq dərs keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə məktəbin direktoru Neylüfər Kərimova Varşavada təşkil olunacaq beynəlxalq tədbir haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə festival çərçivəsində keçiriləcək konfransda “Təhsil dövlətin dayanıqlı təməlidir” mövzusunda məruzə edəcək.

İqtisadiyyat Nazirliyinin əməkdaşı Elnur İbrahimov BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədləri haqqında geniş məlumat verib. Vurğulayıb ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb. Şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, müvafiq hesabatlar hazırlamaqdan ibarətdir. Qeyd olunub ki, “2030 Qlobal İnkişaf Gündəliyi” 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015) əsasında hazırlanıb.

E.İbrahimov bildirib ki, Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Kamran Musayev müasir dövrdə dünya təhsilinin problemləri ilə bağlı fikirlərini bölüşüb, beynəlxalq aləmdə təhsilə ədalətli çıxış imkanlarından söz açıb.

Sonra nazirliyin kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadənin “Təhsil dünyanı dəyişə bilər” mövzusunda məruzəsi dinlənilib.

Yaxşı təhsil əldə etmək üçün imkanlar və perspektivlər ətrafında tələbələrlə diskussiya aparılıb. Qeyd olunub ki, təhsil, eyni zamanda, sənayenin, kənd təsərrüfatının inkişafına kömək edir, yoxsulluğun aradan qaldırılmasında əsas vasitədir.

Sonda A.Sultanzadə açıq dərsin uğurla gerçəkləşməsinə görə Bakı Turizm Peşə Məktəbinin direktoruna təşəkkürünü bildirib.

Qeyd edək ki, 12-ci “FilmAT” Film, Sənət və Turizm Festivalının Təşkilat komitəsi tərəfindən bu ildən etibarən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb. Festival rəhbərliyi tələbə münsiflər heyətinin Polşa, Braziliya və Azərbaycandan olan tələbələrdən təşkil edilməsini təklif edib. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti və onun tərkibində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılıb. Festivalda nazirliyin əməkdaşı Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova iştirak edəcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir