Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Təşkilat və Operatorlar / Mədəniyyət və turizm naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından vətəndaşları qəbul edib.

TravelNews.Az xəbər verir ki, tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Mingəçevirdən qəbula gələn sakinlər şəhərdəki Rəsm qalereyasının fondlarında saxlanılan Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin regionda sərgilənməsi, şəhərin tarix və mədəniyyət abidələrini, turizm potensialını nümayiş etdirmək üçün Mərkəzi kitabxanada monitorların quraşdırılması və başqa məsələlərlə xahişlərini diqqətə çatdırıblar.

Yevlaxdan qəbula yazılan vətəndaşların müraciətlərində şəhərdə Rəsm qalereyasının yaradılması, gənclər arasında mütaliəyə marağın gücləndirilməsi üçün istirahət və əyləncə parklarında “book kafe”lərin, mədəniyyət işçiləri üçün ixtisasartırma kurslarının təşkili, Xalq teatrının bazasında kukla teatrının yaradılması və müvafiq ləvazimatla təmin olunması xahiş edilib.

Bərdə sakinləri Kür çayı sahilində yerləşən Tuğay meşələrində ekoturizmin inkişaf etdirilməsi üçün düşərgələrin yaradılması, xarici dillərdə incəsənət sahəsində metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunması, folklor nümunələrinin təbliği istiqamətində müsabiqə və festivalların keçirilməsi, abidə mühafizəçiləri üçün nümunəvi uniformaların hazırlanması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Qəbula gələn Tərtər sakinlərinin xahişləri rayonda qeydiyyatı olmayan tarixi abidələrin dövlət qeydiyyatına alınması, tanınmış incəsənət ustalarının cəbhə bölgəsində konsertlərinin təşkili, “Marağa-150” abidəsinə turistlərin cəlb olunması, Buzxana abidəsinin təmir olunmasına köməklik göstərilməsi barədə olub.

Ağcabədi, Ağdam və Laçın rayonlarından vətəndaşlar rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərinə (MKS) texniki vasitələrin və metodiki materialların verilməsi, Laçın rayonu üzrə Mədəniyyət mərkəzinin statusunun genişləndirilməsi, MKS-nin kitab fondlarının Azərbaycan dilində elmi-metodiki, kənd təsərrüfatı, uşaq ədəbiyyatı, ali və orta ixtisas məktəbləri üçün dərs vəsaitləri ilə zənginləşdirilməsi ilə bağlı xahiş ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı məsələləri xüsusi qeyd edib: “Budəfəki görüşdə də vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Xüsusi ilə Qarabağın tarixinin ölkəmizə gələn xarici turistlərə dəqiq şəkildə çatdırılması kimi həssas məsələlərin qaldırılması çox sevindirici haldır. Eyni zamanda bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.

Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini bildirib. Vurğulanıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməkdədir. Dövlət başçısının sərəncamı ilə yaradılan regional mədəniyyət və turizm idarələri bu sahədə idarəçiliyin daha səmərəli təşkilini təmin edir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir