Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Səmərqənddə Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib – FOTOLAR

Səmərqənddə Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib – FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Səmərqənddə reallaşdırılan “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib.

Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin, Səmərqənddəki Azərbaycan diasporasının nümayəndələri, Universitet tələbələri iştirak ediblər.

Öncə Azərbaycan mədəniyyəti, Qarabağ bölgəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal altında olan ərazilərdə milli mədəni irsimiz, abidələrimizin dağıdılmasına dair videomaterial nümayiş etdirilib.

Səmərqənd Dövlət Universitetinin tələbələri təşkil olunan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid Qarabağ geyimlərini nümayiş etdirdilər. Sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri nümayiş etdirilib.

Tədbirdə nümayişlə paralel olaraq orator tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda azərbaycanlıların yaratdığı zəngin geyim mədəniyyəti,  Qarabağ xanları dövründə istifadə olunan mərasim, toy, şənlik geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib.

“Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilən Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları anşlaqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları sərgiləyib.

Xüsusi vurğulanıb ki, milli geyimlər hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin, incəsənətinin bir göstəricisidir.

Sonda rəmzi olaraq sərgini nümayiş etdirən qrup hər iki ölkənin bayraqları ilə səhnəyə çıxıblar və çıxış alqışlarla qarşılanıb.

Sərgidən sonra bir sıra gənc Özbək müğənniləri Azərbaycan və Özbək xalq mahnılarını ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblının çıxış xüsusi maraqla qarşılanıb, universitet tələbələrinin kollektiv rəqsi ilə davam edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir