Cümə , May 3 2024
azenru
Home / Reportajlar / Samir Dübəndi ilə üz-üzə – QEYRİ-RƏSMİ HİSSƏ

Samir Dübəndi ilə üz-üzə – QEYRİ-RƏSMİ HİSSƏ

Onun adını bu sahəyə gəldiyim gündən eşitmişdim; “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri kimi. Daha sonra tələbələrinin öz müəllimləri haqqında dediyi sözlər onunla söhbətləşmək istəyimi daha da artırdı. Beləcə biz üz-üzə gəldik.

Samir Dübəndi – “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri, Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm Kafedrası”nın müəllimi, eyni zamanda Bakı Biznes və Koorperasiya kollecinin müəllimi.

Söhbətimizə Samir müəllimin gənclik illərindən başladıq. Hər kəsə onun başladığı və keçdiyi yol maraqlı idi…

– Birinci ixtisasım üzrə Rus dili və Ədəbiyyatı müəllimiyəm, Bakı Slavyan Universitetində təhsil almışam. Sovet sistemi ilə 5 illik təhsil. 1984-cü ildə məktəbi bitirmişəm. Düzdür, həvəsim Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə idi amma taleh elə gətirdi ki, mən kəsildim. İkinci dəfə üz tutdum o zamankı adı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu olan təhsil ocağına. Oranın tələbəsi oldum. Əslində birazda keçmişə qayıtmaq istəyirəm.

Turistlərlə danışmaq qadağandır !

Biz Bakının mərkəzində yaşamışıq, Bakı Bulvarı ilə üzbəüz, keçmiş Azərbaycan kinoteatrının yanında. Uşaqlığım Bakı Bulvarında keçib. O zaman atam və anam məni gəzdirəndə mən turistləri görürdüm. Xüsusilə yadıma gəlir, Qız qalasının yanında turist avtobusları dayanırdı və xarici turistlərin ekskursiyaları baş tuturdu. Mən hər zaman soruşurdum ki, bunlar hansı dildə danışır, dillərini necə öyrənək ki, onlarla ünsiyyət quraq? Atam da bunun cavabında deyərdi ki, böyüyərsən, xarici dil öyrənərsən və o sənayedə çalışarsan. Belə bir hal da yadıma gəlir ki, xariclərə yaxınlaşmaq, onlarla ünsiyyət yaratmaq istəsəm də Sovet dövrü olduğuna görə onlarla danışmaq çətin idi. Hər qrupun yanında xüsusi xidmət orqanlarının nümayəndələri olurdu. Onlar insanları turistlərə yaxınlaşmağa qoymurdular. Bu məndə daha çox maraq oyadırdı ki, görəsən niyə icazə vermirlər? Təbii, mən bunların cavablarını sonralar başa düşdüm.  Yaşa dolduqca anladım ki, o zamanın tələbləri belə olub.

İmtahandan kəsilən tələbə – Samir Dübəndi…

Əslində, əmək fəaliyyətim də tələbəlik illərimdən başladı. Bir maraqlı fakta toxunmaq istəyirəm; Məktəbi bitirən gəncin ali təhsil müəssəsinə qəbul olunmaması hərkəs tərəfindən faciə kimi qəbul olunurdu. Evimizə gəlib az qala “baş sağlığı” verirdilər. Hamı “bu işlər”in sonda necə olacağı ilə maraqlanırdı. Təbii, mən də bunları eşidirdim. Bundan başqa universitetə qəbul olmuş dostlarım dərslər haqqında danışırdı, hətta bir neçə dostum BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşdu. Onlar da bu haqda danışıb mənim qəbul olmamağıma heyifslənirdilər. O zaman bir qonşumuz, həm də atamın dostu idi – Aydın Yaqubov bir gün həyətdə məni görüb niyə “avaralandığımı” soruşdu. Bu söz mənə təsir etdi. Cavabında universitetə qəbul olunmadığımı, iş axtardığımı dedim. Marağımın hara olduğunu soruşdu. O zaman mənim üçün seçim etmək çətin idi. Çünki jurnalistikaya da marağım böyük idi. Sonralar həm də “Trend” informasiya agentliyində jurnalist kimi də çalışdım. Səhəri gün Aydın müəllim məni işə düzəltməyə apardı. Biz onun volqası ilə Komsomol Mərkəzi Komitəsinə getdik. Yaxınlaşdığımız qapı işlər idarəsinin rəhbəri Arzu Hüseynovun otağının qapısı idi. Onlar Aydın müəllimlə çox mehriban görüşdülər. Hazırki Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevlə də görüşüm elə o otaqda baş tutdu. O zaman cənab Qarayev şöbə rəhbəri idi. O gündən sonra  mən həm də Əhməd Əliyevin köməyi ilə “Uşaq yaradıcılıq qaleriyasında”  məktəblilərlə ekskursiya rəhbəri işləməyə başladım və bir il sonra instuta qəbul oldum.

Oteldə ilk iş – PASPORTÇU…

1988-ci ildə isə mən bugünki “Flame Towers”in yerində olan Moskva mehmanxanasında işləməyə başladım və ilk vəzifəm pasportçu oldu. Bu otel İnturist sisteminə aid olduğuna görə yeni işçiləri və gəncləri bir çox yoxlamalardan keçirirdilər. İndi otellərdə bu vəzifə yoxdur. İşin əsas missiyası gələn turistlərin pasportlarını əl yazısı ilə, anketlərdə qeydiyyatdan keçirmək idi. Sonralar vəzifələr bir-birini əvəz etməyə başladı. 1992-ci ildən isə AR Nazirlər Kabineti yanında Xarici Turizm şurasında çalışmağa başladım. 1993-cü ildən isə Azərbaycan otelində Xarici əlaqələr və rabitə şöbəsinin Rəhbəri işlədim. Bu vəzifə hazırda heçbir oteldə yoxdur. Bu işin əsas məqsədi turistlər üçün öz ölkə və ailələri ilə rabitə əlaqəsini asan yolla yaratmaq idi. O zamanlar otellərdə resepşna zəng edib 207 düyməsini yığmaqla xarici ölkələrə bağlanmaq olurdu. Bu çətin proses idi. Buna görə də biz Azərbaycan otelinin birinci mərtəbəsində xaricə rabitə üçün şərait yaratdıq. Sonralar Azərbaycan otelində dağınıqlıq başladı və mən 1997-ci ildə ordan ayrıldım.

Bu anda yaşlı nəsilin gileyləndiyi bir məqam – köhnə İnturist mehmanxanasının sökülməsi məsələsinə toxundum…

Köhnə İnturist 1934-cü ildə Şusev tərəfindən inşa edilmişdi. Qədim tarixi memarlıq abidəsi idi.1930-cu illərdən 70-ci illərə qədər Bakıya gələn bütün tanınmış insanlar həmin oteldə qalırdılar. Mən deyərdim ki, bu otel zadəganların görüş yerinə çevrilmişdi. Bəlkə də onu saxlayıb bərpa etmək məqsədəuyğun olardı, bəlkə də o binanın memarlıq abidəsi olması turistlər üçün də maraqlı olardı. Ancaq nəzərə alsaq ki, İnturist oteli sürüşmələr nəticəsində zədələr almışdı, əlbəttə ki, o binanı saxlamaq mümkün deyildi və olmadı da.

Maraqlı insanların maraqlı xatirələri olur. Samir müəllimdən də bu barədə soruşdum: Nuh Peyğəmbər, çürük taxta, uğurlu texnologiya…

“İnturist” illərində qabaqcıl işçilər qrup rəhbəri olaraq xaricə gedirdilər. Artıq o vaxtlar gənc olmağıma baxmayaraq 15-17 ölkəni qrup rəhbəri kimi gəzmişdim. Bu müddət ərzində müxtəlif dövlətlərdə təlimlər və təcrübə mübadilələri keçirirdik. Təbii bəzi məqamlar var idi ki, məni o zamanlar təəccübləndirirdi. İndi də o məqamların Azərbaycan bazarında yeri görsənir.

2000-ci illərin əvvəllərində  Türkiyədə otel idarəsi istiqamətində təlimdə olanda bizim qrup rəhbərimiz elan etdi ki, səhər biz Antalyada yerləşən bölgənin Tarix muzeyinə yola düşəcəyik. Noyabr ayının sonları idi. Bu zamanlar Aralıq dənizinin sahili belə desək “işləmir”. Bunun səbəbi havaların soyuq keçməsi və dəniz mövsümünün bağlı olması ilə əlaqədardır. Muzeyin avtobuslar üçün ayrılmış dayanacağına yaxınlaşanda Avropa dövlətlərindən olan 40-a yaxın turist avtobusu gördük. Bu barədə tur rəhbərindən soruşduq. O gülümsəyərək bunun səbəbini özümüzün görəcəyini dedi. Muzeyin qarşısında böyük insan kütləsi var idi. Biz sırada saatlarla gözləyəndən sonra muzeyə daxil olduq. İçəridə bir eksponatın yanında onlarla insan toplanmışdı. Bu şüşənin arxasında bir balaca çürük taxta idi. Üzərində isə Nuh babanın gəmisinin qalığı olduğu yazılmışdı. Mən turistlərə diqqətlə baxanda gördüm ki, onlar diz çöküb dua edirlər. Aydın məsələdir ki, Nuh Peyğəmbəri və onun rəvayətini hərkəs bilir. Türk tur rəhbər mənə yaxınlaşıb indi sıxlığın səbəbini anlayıb-anlamadığımı soruşdu. Onlar Milad ərəfəsində bu texnologiyadan istifadə edib turistləri bur muzeyə toplaya bilirdilər. Nəzərə alsaq ki xristian dünyası Nuh Peyğəmbərə hörmətlə yanaşır, bu texnologiya həqiqətən uğurlu idi.

Azərbaycan Otel kompleksləri Assosiasiyasından “DAİR” Otellər və Restoranlar Assosiasiyasına…

2007-ci ildə Azərbaycanda yeni və ilk Assosiasiya yaranmışdı – Azərbaycan Otel Kompleksləri Assosiasiyası. Assosiasiyanın rəhbəri Ağarəhim Əliyev idi. Mən də həmin assosiasiyaya dəvət olundum. Düzdür, 2008-ci ildə Ağarəhim müəllimin qəflətən dünyasını dəyişməsi nəticəsində bu təşkilatın işləri demək olar ki, dayandı. O zaman assosiasiyanın idarə heyyətinin üzvləri Siyavuş Yeqanlı, Müzəffər Ağakərimov, Elçin müəllim, Teymurçin Əfəndiyev, Kamil Əliyev və başqaları idi. Mən o vaxt soruşurdum ki, niyə assosiasiyaya məhz belə bir ad seçilib? Qeyd edim ki, mən bu təşkilatın yaranmasında iştirak etməmişdim. Belə bir fikir var idi ki, təşkilat iri otellərlə çalışan assosiasiya olduğu üçün və gələcəkdə yaradılacaq iri otellər üçündür, hansı ki onları kompleks adlandırmaq olar. Məndə yeni ideya yarandı ki, niyə də biz kiçik və orta sahibkarlıqla təmasda olan assosiasiya yaratmayaq? Üz tutdum Ədliyyə Nazirliyinə və adı dəyişib “DAİR” Restoranlar və Otellər Assosiasiyası kimi dəyişdik.

Samir Dübəndi üçün hansı daha xoşdur: Samir müəllim yoxsa “DAİR” Restoranlar və Otellər Assosiasiyasının rəhbəri Samir Dübəndi?

Yaxşı sualdır…Deyərdim ki, Samir olmaq daha çox xoşuma gəlir. 2004-cü ildən dərs deməyə başlamışam. Bu illər ərzində bir çox kitabın müəllifi və həmmüəllifi olmuşam. Bu gün də turizm tələbələri ondan yararlanır. İllər keçdikcə insan anlayır ki, toplanan təcrübə kiməsə, əsasən də gənclərə ötürülməlidir. Buna görə də müəllim olmaq daha xoşdur.

Davamı olacaq…

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir