Bazar , May 19 2024
azenru
Home / Destinasiyalar / Dost yolda yox, dağda tanınar… – FOTOREPORTAJ

Dost yolda yox, dağda tanınar… – FOTOREPORTAJ

14 yoldaş olub yola düzəldik…

Dekabrın 21-də Gənclik metrostansiyasının qarşısından yola düşdük. Məqsədimiz “Niyal dağı” ekocığırının hazırlanması idi. Bundan əvvəl Gənclər Fondunun dəstəyi ilə “Nature Discovery Azerbaijan” və “Mountain Host Azerbaijan” komandaları ilk – “Çıraqqala” ekocığırını uğurla hazırlamışdılar. Dekabrın  20-dən 21-nə keçən gecə bu qışın ən uzun gecəsi idi. Şəhərin qaranlığından qurtulub Qobustan rayonunda aydınlığa çıxdıq. Hava buludlu idi. Şamaxıda ehtiyac fasiləsindən sonra yolumuza davam etdik. 

“Niyal dağı” ekocığırı…

Marşrutunun başlanğıcı İsmayıllı rayonu, Lahıc kəndindən Niyal dağa qədər davam edir. Başlanğıc hündürlüyü 1505 metr, maksimal hündürlüyü 2053 metr olub ümumi məsafə 6 km 880 m-dir. Marşrut 11 ədəd taxtadan hazırlanan yolgöstərici nişanla işarələnib, başlanğıcda isə marşrut haqqda məlumat lövhəsi qoyulub. Yolgöstərici nişanların üzərində marşrutun adı və zirvəyə qədər olan məsafə yer alır. Zirvədə isə daha əvvəldən yerləşdirilmiş 3 metr hündürlüyündə zirvə nişanı mövcuddur.

Zirvəyə aparan yol…

Nəzərə alsaq ki, bu işlərdə qeyri-peşəkaram, zirvəyə aparan yolun başlanğıcı mənə asan gəldi. Düzdür, daha yuxarılara qalxdıqca yorğunluq hiss olunurdu. Külək, palçıq, bəzi yerlərdə qar işimizi daha da çətinləşdirirdi. Yolda fasilə yarandıqca təbiətin gözəlliklərini seyr edirdik. Komandadakı dostların maraqlı söhbətləri də çətin yolda bizə yardımçı olurdu.

Layihə rəhbəri, bələdçi, dağçı – Nurlan Xudazarov…

Nurlanla ilk görüşüm idi. Əvvəllər mənə bəzi məsələlərdə, qocaman alpinistləri axtaranda yardım etmişdi. Qeyd edim ki, bu layihənin rəhbəri də Nurlan Xudazarovdur. Yol boyu bacardığım qədər bu sahəylə bağlı informasiya aldım. O da səbrlə suallarımın hamısını cavablandırdı. Növbəti ekocığırın Qaxda hazırlanacağını, bu layihənin bütün ölkə üzrə aparmaq istədiyini qeyd etdi.

Dost yolda yox, dağda tanınar…

Nurlan, Toğrul, Mürsəl, Ceyhun, Murad…Hər biri eyni söz deyir: Dost yolda yox, dağda tanınar. Mən də dostları dağda tanıdım. Qeyri-peşəkar olduğum üçün dostlar “gözlərini üstümdən çəkmirdilər”. Bütün yol boyu onların qayğısını hiss edirdim. Əslində, danışdıqlarından da başa düşdüm ki, dağçılığın fəlsəfələrindən biri də yoldaşlıqdır, əsl yoldaşlıq. Bəzi çətin hallarda bir-birlərinə necə kömək etdiklərindən, tanışlıqlarından, bu hobbiyə olan məhəbbətlərindən danışanda başa düşdüm ki, onlara güvənmək olar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir