Bu dəfə TravelNews.Az-ın “Üz-üzə (F2F)” rubrikasının qonağı Azərbaycan Turizm Assosiasiyasının Gəlmə turizm komitəsi nəzdində fəaliyyət göstərən Daxili Turizm komissiyasının sədri Əziz Şiriyev oldu. Yeni yaradılmış komissiyanın gördüyü və görəcəyi işlər barədə danışdıq.
Komissiyanın işi…
– Dekabr ayında keçirilən iclas zamanı AZTA daxilində Gəlmə turizm komitəsi nəzdində Daxili Turizm komissiyası yaradıldı. Bu o dövrə təsadüf etdi ki, daxili turizm bazarında bəzi xoşagəlməz hallar yaranmışdı və turizm agentliklərini bir yerə toplamaq lazım idi. Azərbaycan Turizm Assosiasiyası QHT olmasına baxmayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə sıx əməkdaşlıq edən qurumdur. Bu da turizm agentlikləri arasında inam yaratdı. Beləliklə, 50-dən çox turizm şirkəti ilə toplandı keçirildi və qərara alındı ki, Gəlmə turizm komitəsi nəzdində bu komissiya yaradılsın. Gizli səsvermə nəticəsində sədr olaraq mən, eləcə də 6 şirkətdən nümayəndənin bir araya gəldiyi komissiya üzvləri təyin olundu. İclasın keçirilməsinin əsas məqsədlərindən biri daxili turizmdə düzgün rəqabətin təmin edilməsi, daxili turizmin inkişafını daha da sürətləndirmək idi.
Qəbul edilən qərarların icrası…
– Verilən qərarların hər biri demək olar ki, daxili turizm bazarına öz müsbət təsirini göstərdi. Aparılan müzakirələr qiymətlərin stabilləşməsinə, bir növ daxili turizmin nizamlı idarə olunmasına gətirib çıxardı. Komissiya yaradılandan sonra biz hər həftənin çərşənbə günü iclas keçiririk və son durumları müzakirə edirik. Onu da qeyd edim ki, bu iclasların bəziləri açıq qapı şəklində keçirilir. Bununla da hər kəs təklif və şikayətlərini bildirə bilir. Bu həm də turizmçilər üçün bir inam mənbəyidir.
Daxili turlarda bələdçilər…
– Biz düşünürük ki, bələdçilər etika normalara riayət etməli, danışıqlarına və hərəkətlərinə fikir verməlidirlər. Onlar həm də psixoloq kimi hər kəsi anlamağı bacarmalıdırlar. Biz bu istiqamətdə ödənişsiz təlimlər də təşkil edirik. Gələcəkdə də bu yöndə daha böyük işlər görüləcək. Nəzərinizə çatdırım ki, daxili turizmdə həm tur rəhbərlər, həm də bələdçilər fəaliyyət göstərir. Bunlar isə tam fərqli terminlərdir. Tur rəhbər daha çox təşkilatçıdır. Bələdçilik isə daha geniş bir peşədir. Onu da qeyd edim ki, AZTA-nın nəzdində də bələdçilik kursları təşkil olunub.
Daxili turlarda turistlərin sığortalanması…
– Qarşımızda duran məqsədlərdən biri də otellər, restoranlar və bələdçilərlə ardıcıl olaraq görüşüb, müzakirələr aparmaqdır. Görüşlərimizdə təhlükəsizlik məsələləri barədə danışıqlar da aparılacaq. Əvvəllər xarici turlar zamanı səfər sığortası olsa da daxili turizmdə buna az hallarda rast gələ bilirdik. Artıq bəzi sığorta şirkətləri bizə müraciət edir. Onlar daxili turlarda münasib qiymətə turistlərin sığortalanmasını təklif edirlər. Biz komissiya üzvləri arasında bu məsələni müzakirə edirik və mən inanıram ki, şirkətlər də bu təklifi qəbul edəcəklər.
Yeniliklər…
– Fikirlərimiz və görmək istədiyimiz işlər çoxdur. Bu işlərin yekununda media nümayəndələri də iştirak edəcək. Biz həm də peşəkar info-turların təşkilinə də yardım edirik. Bununla yanaşı yeni təlimlərimiz baş tutacaq. Mədəniyyət sahələri ilə birlikdə də işlər görməyi planlaşdırırıq. Beləliklə, bu sahədə çalışan insanlar arasında əlaqələr yaratmaq fikrimiz var. Mən əminəm ki, bu addımlar öz müsbət təsirini göstərəcək.