“Gələcəyə Qayğı” regionların sosial-iqtisadi inkişafına dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin yekun təqdimatı olub.
Layihə rəhbəri Azər Əliyev bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dövlət Miqrasiya Xidmətinin dəstəyilə reallaşan layihə 4 ay davam edib.
Bu müddət ərzində benefisiarlar tikiş-toxuculuq, saç ustası peşələri üzrə təlimlər keçib, onların tarixi yerlərə ekskursiyası təşkil olunub. Bundan başqa, əcnəbilərin işlə təmin edilməsinin hüquqi əsasları və cəmiyyətimizə inteqrasiyası mövzusunda tədbirlər keçirilib.
Bağlanış mərasimində, həmçinin Miqrasiya Könüllüsü İctimai Birliyi tərəfindən layihənin icrasına göstərilən dəstəkdən danışılıb.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov layihənin əhəmiyyətini vurğulayaraq, Azərbaycanda məskunlaşmış qaçqınlara göstərilən dövlət qayğısından söhbət açıb. Bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Daha sonra təlimlərdə fərqlənmiş iştirakçılara sertifikat və hədiyyələr verilib.
Tədbir çərçivəsində, həmçinin əfqanların hazırladıqları əl işləri və müxtəlif növ şirniyyatlar qonaqlara təqdim edilib.
Mənbə: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti