Bazar , Noyabr 24 2024
azenru
Home / Blog / Viza ilə bağlı 17 suala cavab – BABA AĞAYEV YAZIR

Viza ilə bağlı 17 suala cavab – BABA AĞAYEV YAZIR

Son 3 ildə bugünədək 1000-ə yaxın viza müraciətinin içində olmuşam. Ümumi olaraq çıxardığım nəticələri sizinlə bölüşmək istərdim. Dediyim kimi 100-lərlə viza müraciəti əsasında çıxardığım nəticələrdir:

Bir konsulun sənədlərə baxıb, nəticə çıxardığı onlarla nüans var. Bunları 3 qrupda birləşdirmək olar:

I. Ölkəyə Bağlılıq:

Sizi ölkəyə bağlayan məqamlar hansılardır və nəyə görə qayıdıb gələcəksiniz. Ailəniz, iş yerinizdəki vəzifəniz, həmin şirkətin neçə illik işçisi olmanız, şirkətinizin nüfuzu, maaşınız, adınıza olan mülklər və s.

II. Səyahət Tarixçəsi:

Nə qədər gəzmisiniz? ABŞ, Kanadaya gedirsinizsə, yaxın Avropaya baş çəkmisinizmi heç olmasa? Yoxsa mən necə inanım ki, siz qaçmırsınız?

III. Maliyyə Statusu:

Bank hesabınız, bank hesabınızla maaşınızın birbirinə uyğunluğu (çoxları buna fikir vermir) və s.
Bunlardan əlavə nəzər yetirilməli digər məqamlar:

1. Hansı ölkə vizasına müraciət etməkdən asılı olmayaraq, həmin ölkədə hansı şəhərə gedəcəyinizi, həmin şəhərə NİYƏ gedəcəyinizi, həmin şəhərdə HARALARI gəzəcəyinizi təyin edin. Gəzəcəyiniz yerlərin 1-2sinin adını əzbər öyrənin.

2. Mehmanxananız təxmini olaraq hara yaxındır, öyrənin. “Niyə bu mehmanxananı seçmişiniz?” sualına səmimi cavabınız olsun. Çünki büdcəmizə uyğundur. Çünki Eyfelə yaxındır. Çünki bu otellər şəbəkəsinə loyalam. Çünki pəncərələri okeana baxır. Çünki yanında Shopping Mall var. Hava limanının yaxınlığındadır və s.

3. Sənədləri sizin üçün kimin hazırlamasından asılı olmayaraq baxın, bütün sənədlərinizin nədən ibarət olması ilə bağlı məlumatlı olun. Çünki əksər hallarda o sənədləri səfirliyə siz təqdim edəcəksiniz və səfirlik əməkdaşlarının sualları yarandığı təqdirdə siz məlumatlı olmalısınız.

4. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə emiqrasiya artır. Bu vəziyyətdə özünüzü “hamı mənə borcludur” kimi aparmayın. Səfirliklərdəki işin, viza qərarının insan hüquqlarına heçbir aidiyyatı yoxdur. Yəni səfirlik işçiləri sizə vizanı verməkdə borclu deyillər. Real dünyaya qayıdın.

5. Sizdən hansı sənədlər istənilirsə, heç olmasa onları tam hazırlayın. Sənədin çox olması problem deyil, uzaqbaşı nəyisə özünüzə qaytaracaqlar. Az olması isə problemdir.

6. Hər an telefon zənginə hazır olun. Səfirlik işçiləri həm sizə, həm iş yerinizə zəng edib, dəqiqləşdirmə apara bilərlər.

7. UK-də Ərizə Formasında Maliyyə rəqəmlərinə ciddi fikir verin. Sualları siz nə gəldi doldurasınız deyə, qoymayıblar.

8. Öz səfər məqsədinizi ya Application Formlarda, ya da əlavə məktubla tam izah edin. Səfər məqsədinizi dəqiqliklə göstərin.

9. Şengendə bir neçə ölkəyə səyahət edəcəksinizsə, təkcə Bakı – Roma (məsələn) – Bakı deyil, həm də Roma – Paris, Paris – Madrid, Madrid-Roma biletlərinizi də qoyun.

10. Bəzi səfirliklər qoyduğunuz bron bileti sonradan alıb gətirmənizi tələb edə bilər ki, vizanı versin. Məsələn Yunanıstan səfirliyi. Sonradan çox xərcə düşməyəsiniz deyə, mümkün qədər reallıqda alacağınız biletin bronunu qoyun.

11. Qərbi Avropa Ölkələri (İsveçrə və Lixteynşteyndən (ona da İsveçrə baxır) başqa) booking.com qəbul edir. Şərqi Avropanın isə əksəriyyəti imzalı, peçatlı otel vauçeri tələb edir. Bəziləri hətta mütləq ödənişin olunmasını, bəziləri isə tam ödənişin olunmasını tələb edir.

12. US viza müsahibəsinə yola verdi hazırlaşmaq, 160 dolları havaya atmaqdır. Bütün dünyanın arzusunda olduğu ölkədir, niyə də belə ciddi intervyu etməsinlər?! Qınamağa heç haqqımız da yoxdur. Ondansa reallığı qəbul edib, suallara dürüst, dolğun cavab verin. Ən yaxşı taktika dürüstlükdür.

13. Çoxları yazır ki, səfirlik işçiləri bizimlə kobud davranır. Onları o vəziyyətə biz özümüz salmışıq. Necə? Səfirliyin veb səhifəsindən yazılan cavabları oxumadan təkrar-təkrar eyni sualları verməklə. 5 sənəd istənildiyi halda, 3 sənəd gətirib, özümüzü 5 sənəd gətirmişik kimi aparmaqla. 35 Avro verib, elə bil kartof alırıqmış kimi, vizamızı tələb etməklə. Bu insanlar hərgün eyni suala 100 dəfə cavab verir, eyni hallarla təkrar təkrar rastlaşırlar. Birazca anlayış göstərib, yaxşı mənada onları yola verək.

14. Şengen zonası, Avropa Birliyi və Avrozona fərqli anlayışlardır. Birincisi coğrafi birlikdir və öz aralarında sərhəddi götürmüş 26 ölkəni nəzərdə tutur. İkincisi iqtisadi və siyasi birlikdir. Üçüncüsü isə maliyyə/valyuta birliyidir. Tək girişli Şengen vizası aldıqda 26 ölkə üzrə (Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Lixteynşteyn, Litva və Estoniya) sərhədsiz hərəkət etmək imkanı qazanırsınız. Lakin son zamanlar müəyyən hallarda ölkələrarası qeyri-formal məntəqələrdə nəqliyyatı saxlayıb, Şengenin hansı ölkədən alındığını və s sorğulayırlar. Qaydalara əsasən siz bir neçə Şengen ölkəsində qala bilərsiniz. Lakin vizanı ən çox qalacağınız ölkədən almanız lazımdır.
Yuxarıdakı Şengen ölkələri içərisində Monako, San Marino, Vatikan olmasa da, bu ölkələr də tək girişli Şengen ilə səyahət etmənizə icazə verilən ölkələrdir.
Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa Birliyi üzvləridir lakin Şengen üzvləri deyil. Amma Multiple Entry Şengen vizanızla bu ölkələrə də gedə bilərsiniz. Lakin diqqət edin ki, Multiple Entry Şengen vizanızın ilk səyahəti Şengenə olmalı, sonradan bu ölkələrə keçməlisiniz. Serbiya üçün tələblər tez-tez dəyişsə də, bura üçün də Double və ya Multiple Entry Şengen keçərlidir.

15. ABŞ Vizası ilə ABŞ-dan əlavə bir neçə Mərkəzi Amerika ölkəsinə səyahət edə bilərsiniz. Ölkələr bunlardır: Meksika, Honduras, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Dominikan Respublikası, Puerto Riko.

16. Bu sual da tez-tez verilir:
Əgər London üzərindən US, Kanada, Avstraliya, Yeni Zellandiyaya uçursunuzsa və Londonda overnight qalmalısınızsa, şəhərə UK vizasız çıxa bilərsiniz. Şərtlər bundan ibarətdir ki, Londondan outbound uçuşunuz növbəti günün gecə 12sini keçməməli, həmin 4 ölkədən birinə uçuş biletiniz və vizanız olmalıdır.

17. Viza ala bilmirsiniz? Mən yerinizdə olsam, qapıda viza tətbiq edən və ya vizasız ölkələrə gedərəm. Nepal, Vyetnam, İndoneziya, Malayziya, İordaniya, Qətər, Livan, Kolumbiya, Ekvador, Montenegro, Bosniya, Makedoniya, Ukrayna, Türkiyə və daha necə gözəl ölkələr var. Gedin gəzin, səyahət tarixçəsi yığıb sonradan vizalı ölkələrə müraciət edin. Şanslarınız da yüksələcək.
Kimlərinsə keysləri bu yazdıqlarımla yenə üst-üstə düşməyə bilər. Amma burada 1-2 deyil, 1000-ə yaxın viza keysinin verdiyi nəticələri qeyd etmişəm. 3 ildə bütün öyrəndiklərimizi yazsam, 100-ə yaxın punkt olardı. Ən çox soruşulanları qeyd etdim.

 

Baba Ağayev. Vizam.az Startapının Təsisçisi.

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …