Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / “”Safari Park” Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək” – FOTO + VİDEO

“”Safari Park” Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək” – FOTO + VİDEO

Şamaxı rayonundakı “Safari Park”ın instruktoru Elşən Bəxtiyarovun “Report”a müsahibə verib. TravelNews.Az “Report”a istinadən həmin müsahibəni izləyicilərinə təqdim edir:

– “Safari Park” tam olaraq əhalinin istifadəsinə verilibmi? Parka giriş ödənişlidir?

– Parkda mövsümlə bağlı artıq son tamamlama işləri aparılır. Yaxın günlərdə “Safari Park” tam olaraq yerli əhali və turistlərin istifadəsinə veriləcək. Təbii ki, parkın ərazisində turlar təşkil olunacaq və bu turlar ödənişli əsaslarla həyata keçiriləcək. Ümumiyyətlə, “Safari Park” ekoturizmin bir növü olaraq dünyada geniş yayılıb. İlk bu cür park isə Afrikada yaradılıb. Safari sözü səyahət, gəzinti mənasını verir.

– “Safari Park”ın işçi heyəti tam formalaşıbmı? İşçilər üçün əsas tələb nədir?

– “Safari park”ın işçi heyəti tam formalaşdırılıb. İşçi heyətini formalaşdırmaq üçün bir müddət əvvəl “Safari Park”ın rəhbərliyi tərəfindən vakansiya elan olunmuşdu. İşləmək üçün müraciət edənlər arasında tələblərə uyğun olanlar seçilərək işə cəlb olunublar. İşə götürülərkən yerli sakinlərə daha çox üstünlük verilib. İşçilərdən tələblər təbiət haqqında bilgilərinin olmaları, yerli hava şəraiti, ərazinin relyefini öyrənib mənimsəməkdir. Bundan başqa, işçilər ünsiyyətcil olmalı, turların təşkili zamanı park və heyvanlar haqqında turistlərə məlumat verməli, turistlərin və heyvanların təhlükəsizliyini qorumalıdırlar.

– “Safari Park” Azərbaycan turizminin inkişafına nə kimi töhfələr verəcək?

– Ümumiyyətlə, “Safari Park” Azərbaycanda elmi əsaslarla vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədi ilə yaradılıb. Biz bu məqsədimizi həyata keçirərkən ölkə ərazisində turizmin inkişafına da dəstək olacağımızı düşünürük. Bu gün dünyada belə bir ifadə var: Safari turizmi. Artıq turizmin bir növü kimi məşhurlaşan Safari turizmini inkişaf etdirmək üçün ölkəmizdə əlverişli şərait var. Təbii ki, bu turizm növünü Azərbaycanda inkişaf etdirmək ölkəyə çoxlu turistlərin cəlb edilməsi ilə nəticələnəcək. Bu da Azərbaycanda turizmin inkişafına böyük töhfə verə bilər.

– “Safari Parkı”na yaxın zamanlarda hansısa heyvanın gətirilməsi nəzərdə tutulurmu?

– Dünyada artıq bir çox heyvanın nəslinin kəsilməsi ilə bağlı həycan təbili çalınır. Bu gün əksər ölkələrdə nəsli kəsilməkdə olan heyvanların vəhşi populyasiyadan təbiətə adaptasiyası üçün qoruqlar salınır, parklar yaradılır. Bu tendensiya Azərbaycanda da həyata keçirilir. Biz mərhələli şəkildə müxtəlif heyvanları “Safari Park”a gətirmək fikrindəyik. Bu yaxınlarda isə parka Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmış zubr gətiriləcək. Bu heyvan 25 ölkədə, o cümlədən ABŞ və Kanadada yetişdirilir. Bundan başqa, Rusiya Federasiyasının Okaboyu-Terras və Oka qoruqlarında yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılıb.

– Heyvanların təhlükəsizliyi baxımından nə kimi işlər görülür?

– Təhlükəsizlik bizim fəaliyyətimizin əsasını təşkil edən amildir. Burada heyvanları insanlardan, hava şəraitindən, digər heyvanların hücumlarından, yoluxucu xəstəliklərdən və kənar təsirlərdən qorumaq üçün xüsusi fəaliyyət planımız var. Bu gün bütün səy və bacarıqlarımızı həm də bu istiqamətə yönəltmişik. Burada əsas təhlükə heyvanların kənar təsirlər və yoluxucu xəstəliklərə tutulmasıdır. Buna görə də heyvanları qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Həmçinin parkda çox sayda təbii daldalanacaqlar düzəldilib ki, bu da onların mövsümlə əlaqədar olaraq, soyuq, külək, yağıntılardan qorumaq üçündür.

– Vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədi ilə nə kimi işlər görülür?

– Burada ekoloji qoruğun yaradılması üçün yerli şəraitə uyğun olaraq mühüm işlər görülüb. Dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənib. Parka Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir