Bakı Şopinq Festivalının təşkilatçısı Azərbaycan Konqreslər Bürosu Festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-i saat 12:00-da JW Marriott Absheron Bakı otelinin Xocasən zalında baş tutacaq təqdimata dəvət edib.
TravelNews.Az-ın verdiyi xəbərə görə, təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.
Tədbir zamanı iştirakçılara Festivala qoşulmağın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.
Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumları tədbirdə iştirak edə bilər.
Tədbirdə iştirak etmək istəyənlər üçün Azərbaycan Konqreslər Bürosunun rəsmi saytında (www.azcb.com) qeydiyyat nömrələri yerləşdirilib.