Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.
TravelNews.Az xəbər verir ki, əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, ictimai iaşə və turizm infrastrukturuna daxil olan obyektlər ilə birgə əməkdaşlığına dair tövsiyyələr hazırlayıb, rayon turizm informasiya mərkəzlərinə göndərib.
Sənəddə turizm infrastrukturuna daxil olan müəssisələrin turizm informasiya mərkəzi ilə qarşılıqlı əməkdaşlığın lazımi səviyyədə keçirilməsi üçün müvafiq müqavilələrin bağlanması, birgə turizm marşrutlarının tərtibatı, milli bayramların, müxtəlif sərgilərin, tədbirlərin təşkili və keçirilməsi, reklam-informasiya materiallarının və zəruri məlumatların mübadiləsi nəzərdə tutulub.
Bu işdə hər bir regionun təbii və tarixi-mədəni turizm resurslarının mövcudluğu, iqlim şəraiti, ərazinin relyefi və turizm sənayesinin inkişafına müsbət təsir edən bütün amillərdən səmərəli istifadə olması tövsiyyə olunur.