Bazar ertəsi , May 20 2024
azenru
Home / Təhsil / İcma Əsaslı Turizm (Community Based Tourism) nədir?

İcma Əsaslı Turizm (Community Based Tourism) nədir?

Turizm sahəsində son 50 ildə baş verən sıçrayışlara baxmayaraq, bütün dünyada icmalar, şəhərdən kənar qəsəbələr və  ucqar kəndlər yetəri qədər diqqət mərkəzində olmaqdan çox uzaqdır. Turizm əsasən böyük, əhalisi çox olan, modernləşmiş şəhərlərdə yüksək inkişaf edir.

Bəs bütün bunlar özündə nəyi ehtiva edir? Araşdırmalara da əsaslanaraq bu nəticəyə gəlmək olar ki, turizmin bu yöndə inkişafı,ölkə mədəniyyətlərinin arxa planda qalmasına səbəb olur. İnsanlar artıq müxtəlif ölkələrə sadəcə ərazi baxımından yeni bir yer görmək məqsədilə səyahət edir, bu ölkələrin insanları, mədəniyyəti, adət ənənələri barədə məlumatsız olaraq geri qayıdırlar. Təəssüf ki, belə şəhərlərin böyük bir hissəsi istehlakçılığı ön planda tutur və yerli əhalinin də marağı elə maddi qazanca yönəlmiş olur. İndi təsəvvür edin ki, siz Parisdəsiniz və bütün şəhər sizin kimi turistlərlə dolub daşır. Bu şəraitdə siz əsl fransız mədəniyyəti ilə tanış ola bilərsinizmi?! Elə bu kimi səbəblərdən dolayı “İcma Əsaslı Turizm” anlayışı formalaşıb.

İcma Əsaslı Turizm (İƏT) bildiyimiz “turizm biznesindən” kəskin fərqlənir. Çünki, İƏT üçün maddi qazanc prioritet deyil. Turizmin bu sahəsiylə məşğul olan insanların məqsədi mənəvi dəyərlərin, mədəniyyətlərin, adət ənənələrin, şəhərdən kənar yerlərdə gündəlik yaşam tərzinin kəşf olunması, turizmin ekoloji dayanıqlılığı və təbbi resursların lazımi şəkildə dəyərləndirilməsidir . Yaxşı, o zaman bu işdəki “xeyir” nədir?

Bu sahə individual baxdıqda, az qazanclı bir sahə kimi görünsə də, ölkə səviyyəsində mühüm əhəmiyyət kəsb edir. İcma əsaslı turizm, globalizasiya və urbanizasiyanın ən sürətlə inkişad etdiyi dövrdə, icmaların bu prosesdən geri qalmaması və ayaqlaşması üçün önəmlidir. İƏT icmaları da bu prosesə cəlb edir, ölkələrin yalnız mərkəzi şəhərlərinin yox, ucqar nöqtələrinin də globalizasiyaya qoşulmasına şərait yaradır. Əlbəttə ki, bu icmalardakı bütün problemləri həll etmir, amma onların inkişafına müəyyən dərəcədə təkan verir.

İqtisadi cəhətdən baxdıqda, İƏT iqtisadiyyatı şaxələndirir, iqtisadi bərabərsizliyin qarşısının qismən də olsa alınmasında mühüm rol oynayır. Qeyd olunan səbəblərə görə də, İƏT əsasən maddi qazanc mənbəyi kimi deyil, ölkələrin ümumi inkişafı üçün vasitə kimi görülür və bir çox halda ənənəvi turizm yollarından daha dayanıqlı dəyişiklik və inkişafa gətirib çıxarmaq imkanına malikdir. Dünya təcrübəsinə nəzər saldıqda, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, İƏT-in təbliğinin əsasən hökumətin və QHT-lərin təşəbbüsü əsasında baş verdiyini görərik. Bu fakt da öz növbəsində bu turizm növünün daha çox inkişaf vasitəsi kimi görülməsi fikrini dəstəkləyir.

Araşdırmalara nəzər yetirsək, İƏT-in Şimali Amerika, Avstraliya kimi inkişaf etmiş qitələrdə, Asiyanın Tayland, Vyetnam, Malaziya, Çin, İndoneziya kimi inkişaf etməkdə olan ölkələrində daha dərin köklərə malik olduğunu görə bilərik. Bu ölkələrin rəngarəng təbiəti, iqlimi, özlərində birləşdirdiyi mədəniyyətlər və bir sıra bunun kimi faktorlar onları İƏT üçün unikallaşdırır. Taylandda aparılan araşdımalar göstərir ki,  İƏT təkcə iqtisadi və ekoloji dəyişikliklərə gətirib çıxarmır, həmçinin insan resurslarının inkişafına, qadınların bərabərlik qazanmasına, icmalar arasında və daxilində birliyin güclənməsinə də şərait yaradır. Qeyd etmək lazımdır ki, Afrika, Avropa və Cənubi Amerika isə bu prosesdə o qədər də iştirak edə bilmir. Afrika qeyd etdiyimiz resurslara malik olsa da, iqtisadi cəhətdən bu prosesə qoşulmağa hazır deyil. Avropa isə iqtisadi resurslara malik olduğu halda, mədəni resursların yoxluğundan əziyyət çəkir. Latın Amerika isə, bu yolda özünü Asiya ölkələri kimi doğrultmaqda hələki çətinlik çəkir.

Dayanıqlı turizm sahəsində 40 ildən artıqdır ki çalışan, Mançester Universitetinin Professoru Harold Goldwin tərəfindən həyata keçirilmiş araşdırma da, İƏT-in inkişafında atılan hər bir addımın uğurlu olacağını təsdiq edir. Araşdırmanın nəticələri, İƏT-in xüsusilə sosial kapitalın artımına, təbiətin qorunmasına, yaşayış standartlarının yüksəlməsinə, yerli iqtisadiyyatın güclənməsinə, ticarətin canlanmasına fayda verdiyini göstərir.

Xülasə olaraq, İƏT nəticəsində, yerli əhali  torpaq menecerləri, sahibkarlar, xidmət istehsalçıları və işçilər kimi gəlir əldə edir. İstehlakçılar, yəni turistlər isə, yerli yaşayış yerləri və oradakı çöl həyatı ilə tanış olur, həmin yerdəki ənənə və mədəniyyətlərlə tanış ola bilirlər. Bütün proses nəticəsində, icmalar öz resursları ilə, turizm sahəsinin bir hissəsinə çevrilir, həm özləri inkişaf edir, həm də  birbaşa olaraq turizmin, dolayı yolla isə ölkənın ümumi, iqtisadİ və ekoloji inkişafına təkan verirlər. Nəticədə, cəmiyyətə xidmət göstərərək həm qazanır həm də qazandırırlar. Gələn turistlər isə, ziyarət etdikləri ölkə ilə mümkün olan ən səmimi yolla tanış ola bilir, özləri ilə yeni və bənzərsiz təcrübələri vətənlərinə apara bilirlər.

Yuxarıda qeyd olunan faktorları nəzərə aldıqda, Azərbaycan İƏT sahəsində, dünyanın hər bir tərəfindən, xüsusilə də Avropadan gələn turistlər üçün ən perspektivli ölkələrdən hesab oluna bilər. Ölkəmizdəki unikal təcrübə imkanları, xüsusilə də fərqli icmaların mövcudluğu, multikulturallığı hər gün fərqlilik axtaran yüzlərlə turistdə maraq doğurur. Elə bu səbəbdən də, Təəccüblü deyil ki, son illərdə Xınalıq, Lahıc və s. kimi bölgələrimizə turist axını artmağa davam edir.

Şərhlər

şərhlər

Check Also

Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb

Avqustun 7-də mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir